Əli Daşdəmirov: “Ən ağlasığmaz ideyalar sonda sənin ən yaxşı layihən ola bilər”

Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirov marketoloq peşəsi ilə yanaşı bank marketinqinin xüsusiyyətləri haqqında danışıb və bu işə yeni başlayan mütəxəssislərlə bir neçə məsləhətlərini bölüşüb.

BBN.az Sizə Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirovla müsahibəni təqdim edir.

 

Əli bəy, uzun müddətdir ki, Bank Respublikada Marketinq departamentinə başçılıq edirsiniz. Bu banka gəlişiniz necə oldu?

 İlk növbədə bugünkü görüş və buna ayırdığınız vaxt üçün Sizə təşəkkür edirəm.

6 ildən çoxdur ki, Bank Respublika komandasında çalışıram. Mənim bu bankla əməkdaşlığım hələ 2012-ci ildən bir marketinq layihəsi çərçivəsində başlamışdır. O zaman mən “Marketinqin auditi və brendin bazarda repozisiyası” layihəsinə konsaltinq şirkətində çalışarkən rəhbərlik edirdim. Layihənin bir neçə mərhələsindən sonra bankın rəhbərliyi ilə sıx münasibətlər yarandı, mənə əməkdaşlıq təklifi verildi və mən bu təklifi məmnuniyyətlə qəbul etdim. İllər keçdikcə isə bizim komandamız və brendimizlə sözün əsl mənasında doğmalaşdıq.

 

Müşahidələrimizə görə son aylar Bank Respublika bazarda aktivləşib. Marketinq kampaniyalarının, aksiyaların sayı artıb. Bu nəylə bağlıdır?

 Sirr deyil ki, son iki ili bank sektoru çox gərgin şəraitdə keçirdi. Bazarda bir çox qaydalar dəyişdi, bu da öz növbəsində yeni strategiya və işə yeni yanaşma tələb edirdi.

Krizis sözü “dönüş nöqtəsi” mənasını verir, bu isə biznes üçün yeni imkanların yaranması deməkdir. Bu yeni imkanlardan istifadə etməklə bank öz biznes strategiyası ilə yanaşı inkişafı üzrə ümumi baxışını da yenilədi. Demək olar ki, Sizin qeyd etdiyiniz bankın aktivliyi birbaşa strategiyada aparılan dəyişiklərlə bağlıdır.

Aparılan yeniliklər çərçivəsində hələ ötən ilin sonlarında bank cari il üçün öz marketinq planını təsdiqlədi. Həmin planda fəaliyyətimizin bütün istiqamətləri üzrə yüksək aktivlik nəzərdə tutulub.

Məqsədimiz maliyyə bazarında liderlərdən biri olmaqdır. Bu istiqamətdə dəqiqliklə işlənib hazırlanmış hərəkət planılarımız həm yerli həm də alman səhmdarlarımız tərəfindən təsdiq olunub. Hədəflərimizə nail olmaq üçün marketinq komandamızın kreativ potensialından və reklamçılıq sahəsində ən müasir yanaşmalardan tam istifadə edəcəyik.

 

Reklamda kreativ yanaşmadan söz düşmüşkən, reklam kampaniyasının yaradılması prosesi Sizdə necə aparılır?

 Deyəridim ki, departamentimizdə ən gərgin keçən proseslərdən biridir, çünki yaradıcılıq tələb edir. Kampaniyaların yaradılması üzrə bizim müəyyən bir modelimiz var.

Mahiyyəti üzrə kampaniyanın özü bütün prosesin son mərhələsidir. Bazardakı mövcud şəraitdən asılı olaraq, öncə reklam edilən məhsulun şərtləri bankın müvafiq departamentləri ilə birgə müzakirə olunur. İstənilən kampaniyanın yaradılması reklam konsepti və onun əsas mesajından başlanır. Bu mərhələdə hədsiz sayda, hətta mövzuya aid olmayan, amma maraqlı ağlasılmaz, yumor dolu  ideyalar səslənir. Nəticədə daha çox uyğun saydığımız variantı birgə seçirik.

 Kredit kartları ilə bağlı bir müddət öncə hazırladığımız reklam konseptini misal gətirim. Orada bank kartı kokosu kəsən maçete şəklində təsvir edilib və həmin imicə “Səyahətdə darda qoymaz” sloqanı əlavə edilmişdi. Açığı deyim ki, proekti qeyri-standart və birqədər gülməli saydığımız üçün ondan istifadə etməyə ehtiyat edirdik. Lakin bu məsələ rəhbərliklə də müzakirə olunduqdan sonra müsbət qərar verildi. Həmin reklam gözlədiyimizdən də artıq rəğbətlə qarşılandı və məhz bu layihəmizi beynəlxalq tədbirlərin birində bank sektorunda olan ən kreativ reklam kimi təqdim etdilər. O zaman bir daha əmin oldum ki, hətta ilk baxışdan ən ağlasılmaz görünən ideyalar sənin ən yaxşı işin ola bilər.

 

Sosial şəbəkələrdə də aktivləşmiziniz. İnternet-marketinqi üzrə də strategiyanız varmı?

Sosial şəbəkələrin müasir marketinqdə olan rolu haqqında çox danışılıb, amma mən yenədə bunu birdə qeyd etmək istərdim. Biznesin aparılması zamanı sosial şəbəkələrin əsas üstünlüyü hədəf qrupunun keyfiyyət və kəmiyyət baxımından dəqiq “nişana alınmasıdır”. Məsələn, küçə və ya radio reklamında yerli bazarda bu işləri görmək çətindir.

Hal-hazırda, brendin sosial şəbəkələrdə tanıtımı bizim üçün bir nömrəli prioritetdir. Bu səbəbdən həmin istiqamətdəki aktivliyimiz SMM strategiyamıza uyğun il ərzində artacaq. İzləyicilərimiz üçün bir sıra kampaniya və təkliflərimiz nəzərdə tutulub. Bu sıradan aktual mövzuların dərc edilməsi, infobloklar, intervyular və əlbəttə ki, dəyərli hədiyyələr vəd edən müsabiqələr. Səhifələrimizin kontentini daha rəngarəng etməyə çalışırıq, aktual mövzuları önə çəkib real-time marketinqindən də istifadə edirik.

 

İqtisadiyyatda baş verən dəyişikliklər marketinqin işinə necə təsir göstərdi?

Maliyyə təşkilatlarında klassik marketinq miks fəndi təşkilatların müxtəlif bölmə və strukturlarına həvalə edilib. Marketinq departamenti isə öz növbəsində, əsasən marketinq miksin son iki tərkib hissəsi üzərində işini qururdu – Məkan və Promoşn. Son illərdə isə bu vəziyyət dəyişilib. Marketinq komandası məhsulların yaradılması və onun qiymətləndirməsi prosesində, əməkdaşlarla aparılan iş və digər vacib məsələlərdə öz töhfəsini verir.

Rəqabət artdıqca “Bəs müştəri bizdən nə istəyir? Onun fərdi tələbatlarını necə ödəyə bilərik?” sualları aktuallaşır . Bu gün bankımızdakı bütün biznes prosesləri məhz müştərilərin tələbatları üzərində qurulur. Marketinqin vəzifəsi isə ilk növbədə ondan ibarətdir ki, məhsulun yaradılması və müştərinin bank təcrübəsinin artırılması prosesslərində həmin suallara cavab versin.  Biznesin qeyd olunan tələbatlarını nəzərə alaraq, müasir bankçılığın marketinqi həm də geniş analitika, müştərilərin həyat dövrlərin qurulması, məlumat bazaları ilə iş və məhsulların yaradılması kimi bacarıqları tələb edir.

Yeni tələbatlara uyğun marketinq işlərinin görülməsi üçün yeni çağırışlara cavab verə biləcək vahid komandanın olması mütləqdir. Qürur duyuram ki, bu ilin əvvəlindən etibarən bazarda ən güclü marketinq komandasından birini yarada bildik. Bu komanda ilə birgə hal-hazırda bir sıra layihələr üzərində gərgin iş aparılır. Buraya daxildir: analitik layihələr, reklam təkliflərinin yaradılması, KİV-lə əmədaşlıq, həmçinin müştərilərlə mövcud olan əsas kommunikasiya kanallarının redizaynı.

Daxili resurslarımızın gücü sayəsində demək olar ki, bütün zəruri işlər inxaus görülür. Bu da heç şübhəsiz ki, görülən işin həm nəticəsinə həmdə operativliyinə müsbət təsirini göstərir.

 

Bu ilki planlarınız haqqında nə deyə bilərsiniz?

Bankın başlıca və daimi şüarı – müştərilərə faydalı olmaq, onların həyat tərzini daha da rahat etməkdir. Hal-hazırda rəqəmsal bankçılığın inkişafını əsas prioritet hesab edirik. Bu isə bankın ofislərini ziyarət etmək zərurətini getdikcə aradan qaldıracaq.

Riteyl müştəriləri üçün bir sıra maraqlı təkliflərimiz nəzərdə tutulub, o cümlədən loyallıq proqramlarının yenidən işlənməsi və yenilərinin yaradılması. Ötən ildən etibarən fərdi sahibkarlarla aktiv iş aparırıq. Burada əsas məqsəd kiçik və orta biznesə dəstəyin verilməsi, biznesin aparılması üçün səmərəli şərtlərin təklif edilməsidir.

Bankımız həmçinin KSM proqramını da təsdiq edib. Həmin proqram çərçivəsində artıq sosial layihələrimiz həyata keçirilir.  Bununla yanaşı marifləndirici tədbirlər də nəzərdə tutulub ki, onlar haqqında yaxın zamanda elan ediləcək. Müştərilərə həyatın müxtəlif anlarında faydalı ola bilməmizə yüksək dəyər veririk.

 

Bu işə yeni başlayan mütəxəssislərə nə məsləhət verərdiniz?

Marketinq karyerasına yeni başlayan dostlarımıza tövsiyə edərdim ki, psixologya və sosiologiya elmləri üzrə biliklərini artırsınlar, çünki marketinqin bütün mərhələləri istehlakçıların şüurunda başlayır və elə orada tamamlanır. Qalan işlər isə potensial müştəridə fikrin formalaşması məqsədilə hədəflərə nail olmaq üçün vasitələrdir.

Düşünürəm ki, hər birimimiz üçün ən vacib olanı öz işimizdən zövq almaqdır, yalnız bu amil bizi məqsədimizə doğru apara bilər. Bir vaxtlar motivasiyanın tapılmasında bu mövzuda silsilə kitabların müəllifi Napoleon Hill yardımçım olub. Əminəm ki, Sizin oxucular da onun kitablarında özləri üçün faydalı məqamlar tapa biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır