Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda 6 şəhər və rayonun sakinləri ilə görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Nazir vətəndaşlarla görüşündə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramı ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib. Dövlət başçısının cari ildə imzaladığı fərman və sərəncamlar nəticəsində minimum əmək haqqının və minimum pensiyanın, sosial müavinət və təqaüdlərin ciddi şəkildə artırılması təmin edilib, birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Bu, həmçinin problemli kreditlərin həlli, eləcə də mühüm sosial önəm kəsb edən digər tədbirlər bir daha göstərir ki, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması Prezident cənab İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

Qəbula gələn vətəndaşlar ölkədə sosial sahədə aparılan mühüm islahatlara, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, həssas əhali qruplarına dövlətin qayğısının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olan fərman və sərəncamların imzalanmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır