ƏMDK daha bir beynəlxalq təşkilatın üzvü oldu

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv oldu. Belə ki, Federasiyanın Vyetnamın Hanoy şəhərində keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi komitə Federasiyaya üzv seçildi. Bununla komitə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak edəcək, peşəkar kadr potensialı daha da təkmilləşəcək.

Federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır