Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi təmsil etdiyi təşkilatla Azərbaycan arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayıb, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi barədə ətraflı məlumat verib. O, əvvəlki müvafiq layihələr kimi bu layihənin də ölkəmizdə kənd rayonlarının sosial infrastrukturunun və kənd təsərrüfatının inkişafına, o cümlədən məşğulluq imkanlarının artırılmasına dəstək vermək məramına xidmət etdiyini bildirib.
N.H.Naqvi özünüməşğulluq proqramının genişləndirilməsi işlərinin dəstəklənməsi məsələsinin də diqqətdə saxlanacağını qeyd edib.
Qeyd edək ki, görüşdə təqdimat əsasında verilən məlumatlara dair müzakirələr və layihədə nəzərdə tutulan müvafiq istiqamətlərdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.