Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.
BBN.az xəbər verir ki, səfərdə məqsəd son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, bu sahədə müasir və şəffaf iş təcrübəsi, o cümlədən innovativ əsaslı sığorta-pensiya sistemi ilə tanış olmaq, təcrübə mübadilələri aparmaqdır.
Görüş zamanı müvafiq sahələrdə həyata keçirilmiş islahatlara dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta-pensiya və sosial xidmət sistemləri, nazirliyin fəaliyyət sahələri üzrə yaradılmış elektron infratrukturla yaxından tanış olmaları, bu məqsədlə aidyyəti təqdimatların keçirilməsi nəzərdə tutulur.