ƏƏSMN növbədənkənar seçkilərlə əlaqədar iş vaxtı normasının təshih edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar 2018-ci il üçün iş vaxtı normasının təshih edilməsi haqqında məlumat yayıb.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib.

Qeyd edə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır