ƏƏSMN tərəfindən 7.1 min uşaq sosial xidmətlərlə təmin edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onlara ehtiyaclarına uyğun sosial xidmətlərin göstərilməsi istiqamətində işlər davam etdirilib.

Belə ki, cari ildə nazirliyin xətti ilə 7.1 min nəfər sağlamlıq imkanları məhdud uşaq, reabilitasiya və sosial xidmətlərlə təmin olunub. Onlardan 1 923 nəfər sağlamlıq imkanları məhdud uşağa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində stasionar və ambulator qaydada bərpa-müalicə xidmətləri göstərilib, Uşaq Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb, burada səmərəli tibbi və sosial reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında müəssisədə 203 nəfər uşaq müasir effektiv vasitələrdən istifadə şəraitində səmərəli reabilitasiya xidmətləri ilə təmin edilib.  Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Nazirliyin sosial sifarişləri üzrə cari ildə icra olunan layihələr çərçivəsində isə 2 min nəfərdən çox uşaq reabilitasiya və inteqrasiya yönümlü sosial xidmətlərlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır