ƏƏSMN Zabrat qəsəbəsindəki sosial sığınacaqlar kompleksinə baxış keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Zabrat qəsəbəsindəki sosial sığınacaqlar kompleksinə baxış olub.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Bakının Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikasının Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Nazir hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11.2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərildiyini bildirib.

“Eyni zamanda, dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri və müəyyən etdiyi istiqamətlər üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri icra olunur. 2013-cü ildə 30 belə layihə həyata keçirilibsə, bu layihələrin sayı ildən-ilə çoxalaraq cari ildə 70-i ötüb.  Layihələr üzrə sosial xidmət göstərilən uşaqların sayı da 2017-ci ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 4046 nəfər təşkil edib”,- deyə nazir qeyd edib.

S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan üç istiqamət üzrə (yəni evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində) ümumilikdə 16.3 min nəfərdən çox insana sosial xidmətlər göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır