Əcnəbi işçilər milli kadrlarla əvəzlənəcək

2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış ““BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb.

Milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və Dövlət Neft Şirkəti nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, BP Azərbaycan şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın və xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti  Bəxtiyar Aslanbəylinin iştirak etdiyi görüşdə vurğulanıb ki, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə artıq bir neçə ildir ki, DMX tərəfindən ciddi nəzarət  olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır