İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3% artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0%-i şəhər, 47,0%-i kənd sakinləri, 49,9%-i kişilər, 50,1%-i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 nəfər təşkil edir. Doğulan körpələrin 53,0%-i oğlan, 47,0%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür. Cari ilin yanvar-may ayları ərzində ölkədə 25638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 nəfər təşkil edib.