Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib: “Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.
S.Müslümov qeyd edib ki, əmək bazarı işçi qüvvəsinə olan tələb və təklifi müəyyən edən amillərin təsiri altında formalaşır.
Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır: “1 yanvar 2017-ci il tarixə əhalinin yaş strukturunda 0 – 14 yaş qrupunun payı 22,6 %, 14-29 yaş qrupunun payı 25 %, 30-64 yaş qrupunun payı 46,1 %, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 % olub. Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 %-dən 2017-ci ilin əvvəlinə 68,4 %-ə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.