Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi artıq 2 ildir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir. Bu dövr ərzində Mərkəz tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib.
Monitorinqlər zamanı 4 817 nəfər yoxlanılıb və bu işçilərdən 1 115 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 268 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.
Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 79-u üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 3 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.25 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib.