Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri Ahmet Açıkgöz ilə tanışlıq görüşü olub. Görüşdə Türkiyənin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
BBN.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov A.Açıkgözü yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini vurğulayıb. O həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli formatda əməkdaşlığın daim inkişaf etdirildiyini diqqətə çatdırıb.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi yönündə aparılan islahatlar barədə müşavirə məlumat verib.
Nazir bildirib ki, bu gün işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, sosial cəhətdən həssas əhali qrupları üçün inklüziv əmək bazarının inkişafı, qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əmək münasibətlərinə nəzarət formalarının təkmilləşdirilməsi, əməyin təhlükəsizliyi və s. kimi aktual məsələlər mövcuddur. Türkiyənin müvafiq dövlət qurumu ilə əməkdaşlığımız həmin sahələrdə də davam etdirilir ki, bu da hər iki tərəf üçün faydalıdır.
A.Açıkgöz ötən dövrdə ölkələr arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşmasının məmnunluq doğurduğunu vurğulayıb. O, bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsində öz səylərini göstərəcəyini bildirib.
Qeyd edək ki, görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.