Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan müraciətlərin sayı azalıb

Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 – “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 % az olmaqla, 15 236 müraciət daxil olub.
Vətəndaşların “Çağrı mərkəzləri”nə etdikləri hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin edilib. Müraciətlərin 96,7 %-i nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə bağlı sorğulardan ibarət olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri tərəfindən bu sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. “Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38 896 sms göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır