Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib.
Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə şəraitində fəaliyyət sahələri üzrə xidmətlərin müasirləşdirlərək şəffaf müstəvidə təşkili xüsusi önəm kəsb edir. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə ardıcıl işlər aparılaraq, fəaliyyət sektorları üzrə böyük sosial tələbə malik 30-a yaxın e-xidmətin hazırlanaraq əhalinin istifadəsinə verilmiş, müvafiq sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşdırılması təmin edilib.
Bu tədbirlərin cari ildə davam etdirilməsi nazirliyin qeyd olunan İş planında da əksini tapıb. Belə ki, sənəddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi ilə yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə yeni elektron xidmətlərin hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəzərdə tutulur.