Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Sosial Təminat Nazirliyinin və onun ayrı-ayrı yerli struktur bölmələrinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd sosial işin təşkili sahəsində ölkəmizin təcrübəsi, habelə Azərbaycanda yəhudilərin çoxəsrlik  tarixi və mədəniyyəti ilə tanış olmaqdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bu gün respublikada 1100 nəfərə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında olmaqla stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada  sosial xidmətlərlə təmin edilirlər. Eyni zamanda, 2 min nəfərdən çox sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşağa nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilir.
Nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Quba və İsmayıllı rayonlarındakı qurumlarının iş təcrübəsi ilə yaxından tanış olması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır