Cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə 750 607 dəfə müraciət olunub.
Ümumilikdə ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması aktual fəaliyyət sahələrini əhatə edən bu e-xidmətlərə cəmiyyətdə olan böyük sosial tələbi və ictimai marağı təsdiq edir.
Təqdim olunan e-xidmətlərin böyük əksəriyyəti ən çox istifadə olunan e-xidmətlər sırasındadırlar. Onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə son bir ayda 254343 müraciət qeydə alınıb. Həmçinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə maraq getdikcə artmaqdadır. Fevral ayında həmin e-xidmətdən 59705 dəfə istifadə olunması da bunu təsdiq edir. Habelə ötən ay “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətinə 43978, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 35939, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə 31337, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinə 30629, “Pensiya kalkulyatoru” e-xidmətinə 25405 müraciət qeydə alınıb.