Azərbaycan Banklar Assosiasiyasının Tədris Strategiyaları və İnsan Resursları üzrə Ekspert Qrupunun sədri Aynur Süleymanlı ilə olan müsahibəni təqdim edirik.
Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və insan resurslarının menecmenti üzrə” Ekspert Qrupunun təşəbbüsü ilə “Əməkhaqqı sorğusu” layihəsi ilə bağlı müzakirələrə başlanılıb. İstərdik ki, layihənin mahiyyəti barədə məlumat verəsiniz.
Layihənin mahiyyəti əmək bazarının tədqiq olunmasından və əməkhaqlarının nəzərdən keçirilməsindən ibarətdir. Bu da öz növbəsində əməkdaşları öz iş yerini dəyişməyə nəyin sövq etdiyini, onların motivasiyasını artırmaq üçün kompensasiya paketlərinə nəyin daxil edilməsinin lazım olduğunu daha yaxşı anlamağa kömək edəcək.
Həmçinin, bu sorğu və əldə olunan məlumatlar konkret vəzifəyə potensial namizədlərin axtarılmasında, eləcə də əmək bazarında həmin mütəxəssislərin orta bazar dəyərinin qiymətləndirilməsində banklar üçün vacib əhəmiyyət kəsb edəcək.
Beləliklə, əmək bazarının geniş təhlili hər bir əməkdaşın faktiki dəyərinin hesablanması üçün zəruri olan mühüm prosedurdur.
Layihənin bank sisteminə nə kimi faydaları olacaq?
Bu layihə aşağıdakı məqsədlərə nail olmaq üçün bank sisteminə faydalı olacaq:
- Əməyin ödənilməsi və əməkhaqqının adekvatlığı nöqteyi-nəzərindən, şirkətin rəqabət qabiliyyətinin müəyyən olunması;
- Daha dəyərli kadrların saxlanması məqsədilə əməkdaşların motivasiyasının idarə olunması;
- Əməkhaqqının və maddi mükafatın ödənilməsi üçün yeni sistemin işlənib hazırlanması;
- Ştat cədvəlinin dəyişilməsi və yeni vəzifələrin yaradılması;
- Əlavə işçi heyətinin cəlb edilməsi.
Əməkhaqqının peşəkar tədqiqi rəhbərləri və menecerləri əmək bazarındakı cari vəziyyət haqqında aktual məlumatlarla təchiz edir və bu, işçi heyətinə aid effektiv qərarlar qəbul etməyə imkan verir.
Layihədən gözləntiləriniz nələrdir? Sorğu əməkhaqlarına necə təsir edəcək?
Sorğu yalnız əməkhaqqının baza hissəsinin təhlilini deyil, həm də bonus hissəsini və qeyri-maddi motivasiya üsullarının (tibbi sığorta, yemək pulu, fitnes və s.) təhlilini özündə əks etdirdiyindən, əməkdaşların motivasiyası üzrə geniş sistemin işlənib hazırlanmasına kömək edəcək.
Hər bir iştirakçı bank bu sorğunun nəticələrindən istifadə edərək öz əməkhaqqı siyasətini daha peşəkar və obyektiv şəkildə qura biləcək.
Layihə sədrlik etdiyiniz Ekspert Qrupunun təşəbbüsü ilə hazırlanıb. Yeni layihələr gözlənilirmi?
Ekspert Qrupunun əsas məqsədi təcrübə mübadiləsinin aparılmasından, işçi heyətinin vəziyyətinin və inkişaf dinamikasının monitorinqindən, eləcə də işçi heyətinin idarə olunması sahəsində yeni strateji yanaşmaların və həllərin müzakirə olunmasından ibarətdir. Qrup bundan sonra da yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün layihələr üzərində çalışacaq.