Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar Cəlilabad rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb.
Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında rayonun yeni bələdiyyə xəritəsi hazırlanıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı sentyabrın 7-də rayonda məlumatlandırma işləri ilə bağlı regional maarifləndirici forum keçirilib.
Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak edib.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cəlilabad rayonunda aparılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işinin nəticələri, habelə yeni uçot məlumatlarından istifadə etməklə hazırlanmış 35 bələdiyyə xəritələri barədə məlumat verilib. Eyni zamanda iştirakçılar Cəlilabad rayonu üzrə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqlarla bağlı geniş informasiya əldə edib.
Qeyd edək ki, ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.