Əmlak Məsələləri Dövlət Komitəsi də əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edir.
Belə ki, Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini genişləndirir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib. Portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib.
Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir.
ƏMDK əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 37 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
Komitənin təqdim etdiyi elektron xidmətlər daşınmaz əmlak idarəçiliyinin müxtəlif seqmentlərini əhatə edir. Belə ki, elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir.
Qeyd edək ki, komitə vətəndaşın xidmətə deyil, xidmətin vətəndaşa çatdırılması məqsədilə cari ildə də elektron xidmətlərin sayını artıracaq.