ƏMDK-da 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 yanvar 2018-ci il tarixində ötən il  ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə bildirilib ki,  Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin edib. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik «Doing Business 2018» hesabatında Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Bildirilib ki, komitə tərəfindən özəlləşdirmənin sürətləndirilməsi ilə əlaqədar istifadəyə verilmiş “Özəlləşdirmə portalı”na ötən il ərzində 850 min baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,2 milyonu keçib.

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib. Eyni zamanda Komitənin fəaliyyətinə uyğun olaraq torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması, bu istiqamətdə Azərkosmos ilə əlaqələrin genişləndirilməsi, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi kimi tədbirlərin icra edilməsini bildirib.

Bundan əlavə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, bu sahədə yaranan problemlərin aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi sahəsində mütəmadi işlərin görülməsi barədə tapşırıqlarını verib. Həmçinin dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, bu sahədə tətbiq olunan innovativ xidmətlərin genişləndirilməsi, həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində tədbirlərin icra edilməsini bildirib. Qeyd edilib ki, ictimai xidmətlərdə əlçatanlığın artırılması üçün elektron xidmətlərin tətbiqi daha da genişləndirilsin, yeni innovativ layihələrin davamlı olaraq reallaşdırılması təmin edilsin.

Qeyd edək ki, müşavirə haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır