Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri 193 vahid çağrı mərkəzinə birləşdirilib. Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsidir.
Artıq Komitənin bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə-193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilər.
Qeyd edək ki, çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.