ƏMDK: Ötən il 180 mindən çox müraciət daxil olub

Əmlak Məsələləri Dövlət Komitəsinin  elektron və onlayn xidmətləri vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olub və cavablandırılıb.

Ümumilikdə isə, vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 minə yaxın elektron xidmət göstərilib. Ötən il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə sayı 26 minə yaxın olub.

Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlıdır. Bu xidmətlərdən istifadə sayı ötən il ərzində 25 min, bütövlükdə isə 110 minə yaxındır. 2017-ci il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadənin böyük hissəsi – 150 mini daşınmaz əmlakın yüklülüyünə dair arayışların alınmasına aiddir.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 18 minə yaxın müraciət qəbul edilib. Bu elektron xidmətlərdən ən çox istifadə ediləni dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbuludur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır