ƏMDK sədri Türkiyə-Azərbaycan İş Şurası ilə görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İş Şurası İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyəti ilə görüşüb.

BBN.az xəbər verir ki, görüşün məqsədi Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılmasıdır.

Eyni zamanda bu istiqamətdə reallaşacaq birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi də görüşün əsas vəzifələrindəndir.

Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq əlaqələrindən, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edilib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Şurası 1991-ci ildə Avrasiya İş Şuraları çərçivəsində təsis edilib. Şura iki ölkə arasında regional iqtisadi və sosial əməkdaşlığı gücləndirmək üçün “əkiz şəhərlər” yanaşması üzrə əlaqələrin qurulması fəaliyyətini həyata keçirir. Məqsəd Türkiyə və Azərbaycandan olan özəl şirkətlər və iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafını, eləcədə hər iki ölkədən olan investorlar arasında iqtisadi əlaqələrin qurulmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır