Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Belə ki, müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 500 min manat məbləğində vəsaitinin köçürülməsini təmin edib. Habelə İnvestisiya Proqramına əsasən, 18 ay ərzində müəssisəyə 844 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin ərazisindəki yararsız və qəzalı vəziyyətdə olan tikililərin demontajına, istehsal korpusları və inzibati binada yenidənqurma və təmir işlərinin aparılmasına, xırdalanmış mərmər ovuntuları sexinin qurulmasına yönəldiləcək. Habelə həmin investisiyalar taxıl (silos) və logistika anbarlarının qurulmasına, avadanlıq, texnika, maşın-mexanizm və xammalın alınmasına xərclənəcək. Görüləcək işlər nəticəsində müəssisədə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən paytaxt və regionlarda yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi məqsədilə «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Komitə “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.