Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 22 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib. Bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Qeyd edilməlidir ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər.
Hərracda iştirakçı hüququnu əldə etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sırasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ağdaş Quşçuluq”, “Şamaxı Dəmir Beton”, “Qarabağ Pambıq”, “Zaqatala Fındıq”, “İsmayıllı Sənaye İstehsal”, “Material Təchizat”, “Saatlı Broyler”, “Bərdə Tikinti Quraşdırma” və digər bu kimi müəssisələr aiddir. Onlar paytaxtla yanaşı, respublikanın müxtəlif rayonlarında yerləşir. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Digər əmlaklardan 36-ı kiçik dövlət müəssisə və obyektidir. Bir sıra kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 20 kiçik dövlət müəssisəsi Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonu, Gəncə və Sumqayıt şəhəri, habelə, Oğuz və Xızı rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin hərrac qiyməti 430,2 min, 308 min, 356 min, 350 min, 290 min olan xidmət, ictimai iaşə və nəqliyyat müəssisələri var.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan digər əmlaklardan 16-ı isə Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bu obyektlərin sahəsi 13 kvadrat metrdən başlayaraq 118 kvadrat metrədəkdir. Hərraca çıxarılan istifadəsiz daşınmaz dövlət əmlaklarından ən yüksək qiyməti 155 min manat olan, Bakı şəhərinin Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan ümumi ilkin qiyməti yüksək olan digər obyektlər Bakının Yasamal və Nizami rayonlarında yerləşir. Bu əmlaklar müvafiq olaraq 60 min və 55 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb.