Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional İşgüzar Forum keçirilib.
Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak edib.
Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması, habelə bu işlərin Tərtər rayonunda başlanılması ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə bildirilib ki, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.
Qeyd edək ki, 2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 14 kənd rayonunda kadastr işlərinə 1 milyon hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcəkdir. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.