Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb.

BBN.az xəbər verir ki, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər. Bununla bağlı  Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.

Dəyişikliyə əsasən vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.

Əmlakın qeydiyyatının sürətləndirilməsində məqsəd vətəndaşlara daha operativ xidmət göstərilməsi, xidmətlərdə məmnunluğun yüksəldilməsi, eyni zamanda çevikliyin və rahatlığın artırılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır