Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq.
BBN.az xəbər verir ki, hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir.
Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.