24 iyul 2018-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən innovativ üsulların tətbiqi ilə növbəti hərrac keçirilib. Bu hərracda 12 dövlət əmlakına vətəndaşlar tərəfindən 17 sifariş verilib.
BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Oğuz rayonunda yerləşən Filfili kənd klubudur. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 243.8 kv.m-dir. Sifarişçi 15 min manat ödəyərək bu əmlakın sahibinə çevrilib.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələrindən 2-si Nizami rayonunda digərləri isə Yasamal, Binəqədi və Suraxanı rayonlarındadır. Bu kateqoriyadan olan digər dövlət əmlaklarının 2-si Mingəçevirdə, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhəri, Nizami rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə etmək olar. Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 34 kv.m olan əmlak üzrə hərrac qalibi olan investor bu obyekti yaxşı gəlir mənbəyi olan xidmət sahəsinə çevirə bilər.
Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində dövlət əmlaklarının özəlləşdirilməsi istiqamətində 100-dən artıq hərrac keçirilib. Bu hərraclarda 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Vətəndaşlar komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla keçirilən hərracların nəticələri ilə tanış ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 iyul tarixində keçiriləcək. Belə ki, iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Komitə tərəfindən mütəmadi olaraq yenilənən Özəlləşdirmə portalında hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat var. İnvestor hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış olaraq, elektron sifariş verə bilər.