Əmlak Məsələləri Dövlət Komitəsi 6 iyun 2017-ci il tarixində yeni hərrac keçirəcək. Proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 63-ü kiçik dövlət müəssisə və obyekti, 95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salya Tərtər, Daşkəsən və digər rayonlada yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata təklif olunur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 84-ü paytaxtda yerləşir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir.
Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.