Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 3 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan QAZ-2705 nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1 250 manata olan QAZ-2705 ən son 2 450 manata özəlləşdirilib.

Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2 250 manata sahibini tapıb.

Qeyd edək ki, Komitə tərəfindən növbəti belə hərrac 10 oktyabr tarixində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır