Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir.
Komitənin təqdim etdiyi elektron xidmətdən 22-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
Ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxındır. İpoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdən istifadə edənlərin sayı bötövlükdə 90 minə yaxındır. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək bu xidmətə müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların – “Forma-1”in alınmasına aiddir. Əmlakın qeydiyyatı kalkulyatorundan istifadə edənlərin sayı 39 minə yaxındır.