Əmlak Məsələləri Dövlət Komitəsi istifadəyə verdiyi elektron xidmətləri vətəndaşa daha əlçatan edib. Vətəndaşlar heç bir yerə getmədən, yalnız internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanına malikdir. Komitə göstərilən 46 xidmətin 41-ni elektron müstəvidə yerinə yetirir. Görülən bu işlər vətəndaş məmnunluğunu təmin etməklə istifadəçilərin də sayını artırıb.
Ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 902 min elektron xidmət göstərilib. 2018-ci il ərzində isə elektron və onlayn xidmətlərdən istifadə edənlərin sayı 266 mindən çox olub. Statistikanın yüksək olmasının əsas səbəbi fəaliyyətdə şəffaflığın daha da artırılması, operativliyin təmin edilməsi, vətəndaş maraqlarının qorunmasıdır.
Qeyd edilməlidir ki, Komitənin təqdim etdiyi 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr sahəsi ilə bağlıdır. Bu xidmətlərin 38-si interaktiv, 3-ü isə informativ xidmətlərdir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyi sahəsində göstərilən bütün xidmətləri tam olaraq elektronlaşdıracaq.