Əmlak Xidmətləri Məkanında 62 mindən çox xidmət sayı qeydə alınıb

Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır. Artıq Gəncə və Xaçmazda da Məkanın açılması nəzərdə tutulur.

Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir.

Eksteritorial iş prinsipinə əsaslanan Məkanda elektron idarəetmə sistemi vasitəsilə xidmətlər dəqiq, prosedurlar daha sürətli həyata keçirilir. Bina İKT avadanlıqları ilə tam təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır