Ölkədə leqal daşınmaz əmlakların sayını artıran və vətəndaşların daha rahat formada mülkiyyət hüquqlarını rəsmiləşdirən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası davam edir. Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar aksiya ilə daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlərin ərazi idarəsinə getmək ehtiyacı aradan qalxır.
Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası aprelin 15-dən 19-dək Şamaxıda vətəndaşlara xidmət göstərir. Kampaniyanın keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətin vətəndaşın yanında olması, qeydiyyat prosedurlarına olan əlçatanlığın artırılması, qeydiyyatda operativliyin yüksəldilməsidir. Yeni formatda təşkil olunan kampaniya Şamaxının müxtəlif qəsəbələrində keçiriləcək. Mobil qeydiyyat ofisləri aprelin 15-də Şəhriyar qəsəbəsində, 16-da Mədrəsədə, 17-də Əngəxaranda, 18-də Məlhəmdə, 19-da isə Nağaraxana qəsəbəsində olacaq. Kampaniyanın fərqli məkanlarda xidmət göstərməsinin əsas məqsədi bu qəsəbələrə yaxın ərazilərdə yaşayan sakinlərin də xidmətdən rahatlıqla yararlanmasının təmin edilməsidir. Kampaniya zamanı:
- Daşınmaz əmlakların qeydiyyatlı üçün ilkin sənədlər toplanır
- Fərdi yaşayış evləri qeydiyyata alınır
- Torpaq sahələrinin qeydiyyatı həyata keçirilir
- Həyətyanı torpaq sahələrinin qeydiyyatı aparılır
- Daşınmaz əmlakla bağlı müxtəlif arayışların verilməsi xidməti göstərilir
- Daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərin qəbulu həyata keçirilir
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.