“Pul illuziyası” nədir?

Qiymətlərin yüksəlməsi insanların mövcud gəlirlə ala biləcəyi əmtəə və xidmətlərin miqdarını azaldır. Bu hal real gəlirin azalması hesab edilir.  Real gəlir nominal gəlirdən, yəni pul ifadəsində göstərilən gəlirdən fərqlənir. Məsələn, fərdin maaşı 500 manat ilə ifadə edilirsə,  bu nominal gəlirdir.  Real gəlir isə bu pulla ala biləcəyiniz əmtəələrin həcmidir.

Bildirdiyimiz kimi qiymətlərin artması insanların real gəlirini azaldır. Bəzi hallarda insanlar bunu hiss etmirlər.

Bu vəziyyətə “Pul illuziyası” deyilir.

“Pul illuziyası” insanların gəlirlərini satınalma gücünə baxmadan nominal dəyər ilə dəyərləndirdikləri vaxt ortaya çıxır. Məsələn, əgər kimsə qiymətlərin və gəlirinin 2 qat artdığı təqdirdə, özünü daha da zənginləşmiş hiss edərsə, bu onun pul illuziyası “xəstəliyi”nə tutulduğunu göstərər. Çünki, ala biləcəyi əmtəə və xidmətlərin miqdarı elə eyni səviyyədə qalıb, lakin özünü daha varlı hiss edir.

Ən təhlükəli məqam isə bu cür insanların yavaş-yavaş lüks həyata üstünlük vermələridir. Belə halda isə insan irrasional davranış içinə girmiş olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır