Ərzaq məhsulları bazarına nəzarət tədbirləri davam etdirilir

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Panda”, “Karolina”, “Mirage” və “Zontik” plombir dondurmalarında, “Matroskin” südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların  miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda “Karolina” və “Zontik” plombir dondurmalarında, eləcə də “Matroskin” südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar olunub.
Qeyd edək ki, istehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır