Ərzaq məhsulları bazarına nəzarət tədbirləri davam etdirilir

İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Belə ki, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən “Hicaz 313” MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilib və məhsulların müayinəsi üçün nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulan miqdardan artıq olduğu aşkar edilib. Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə “Hicaz 313” MMC-yə göstəriş verilib.

Qeyd edək ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır