““Bulud” texnologiyaları artıq müasir həyatın ayrılmaz bir hissəsidir və beynəlxalq təcrübədə bu texnologiyalar müxtəlif sektorlarda uğurla tətbiq olunur”.
BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bulud Texnologiyalarının Maliyyə Sektorunda Tətbiqi” mövzusunda keçirilən tədbirdə qeyd edib.
Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək təhlükəsizlik sertifikatına malikdir.
Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini deyib.
O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.