6 ay ərzində əsas kapitala nə qədər vəsait yönəldilib?

2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz az vəsait yönəldilib.

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu azalma neft sektoruna investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 72,8 faiz artıb. Ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 72,0 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 7,3 faizi isə ümumi sahəsi 946,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 54,3 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 24,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,6 faiz təşkil edib.

2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagird yerlik 3 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu və s. obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır