2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 1824,7 milyon manat vəsait yönəldilib.
BBN.az Statistika Komitəsinə əsasən xəbər verir ki, bu vəsaitin 816,2 milyon manatı və ya 44,7 %-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8% artıb.
Ümumi sərmayənin 74,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 79,3%-i məhsul istehsalı obyektlərinin, 14,8%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1%, bank kreditləri 10,9%, büdcə vəsaitləri 15,0%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,5%, sair vəsaitlər isə 0,1% təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.