Artıq 300-dən çox şəxsin pensiyasına artımlar edilməklə, həmin artımların pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb
Prezident cənab İlham Əliyevin vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı və bütün sahələrdə sosial ədalət prinsipinə əməl olunması barədə tapşırığının icrası sosial müdafiə sahəsində aparılan islahat tədbirlərində də daim diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.
Araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir.
İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. (O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb). Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.