Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0.6% artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53%-ni şəhər, 47.0%-ni kənd sakinləri, 49.9%-ni kişilər, 50.1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6.0 təşkil edib.
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6.2, boşanmaların sayı isə 1.5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.