1-ci Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib

Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib.

Tədbirdə çıxış edənlər – Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov,  Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd ediblər.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən çox olduğunu, bu ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını qeyd edib.

BBN.az xəbər verir ki , səfər çərçivəsində İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun həmsədri, Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru Ekhard Franzla görüşüb. Görüşdə energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya, maşınqayırma və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır