“10 ay ərzində 43 min nəfədən çox şəxs işlə təmin edilib”

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” mövzusunda növbəti təlim kursuna  başlanılıb.

Təlim kursunun başlanılması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti, BƏT-in ekspertləri iştirak ediblər.

M.Kərimli hazırkı kursun cari il ərzində BƏT-lə əməkdaşlıq çərçivəsində məşğulluq orqanlarının potensialının gücləndirilməsi üçün təşkil olunan artıq üçüncü tədbir olduğunu qeyd edib. O bildirib ki, ümumiyyətlə, BMT və onun ixtisaslaşmış qurumları, o cümlədən BƏT-lə əməkdaşlıq Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət daşıyır. Cari ilin iyun ayından Azərbaycanın  BƏT-in İdarə Heyətində təmsil olunması bu əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Ölkəmiz BƏT-in qərarvermə prosesində və təşkilatın gələcəyi ilə bağlı müzakirələrdə yaxından iştirak edir. Hazırda Azərbaycan BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və bacarıqların inkişaf etdirilməsini əhatə edən geniş əməkdaşlıq gündəliyinə malikdir.

Nazir müavini vurğulayıb ki, Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilin 10 ayı ərzində 43 746 nəfər şəxsin münasib iş yerləri ilə təmin edilib, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır