100 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 06 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı məlumatlar Komitənin Özəlləşdirmə portalında (privatization.az) və rəsmi internet səhifəsində yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilməli və əmlakın satış qiymətinin 10%-i məbləğində beh elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Bu dəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.

Qeyd edək ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda məhdudiyyətsiz iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır