“100 illik tarix” layihəsi təqdim edilib

“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib. 1 may 2018-ci il tarixində keçirilən mətbuat konfransında “100 illik tarix” adlı layihə jurnalistlərə təqdim olunub.

Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar “ASAN Radio”nun efirində, Azərbaycan Beynəlxalq Bankının və “ASAN xidmət”in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq. Bu materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq. Layihə müxtəlif arxivlərdə, muzeylərdə qorunan, geniş auditoriyanın isə məlumatsız olduğu bir sıra maraqlı faktlara işıq salacaq. Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində ölkəmizin radio dinləyicilərinə yaxşı tanış olan  Rahib Azəri də ekspert kimi iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə bir layihənin reallaşdırılmasında məqsəd Cümhuriyyət dəyərlərimizin təbliğidir: “Bu il ölkəmizdə “Cümhuriyyət” ili elan olunub. Azərbaycanın istiqlaliyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlərə biz də belə bir layihə ilə öz töhfəmizi vermək istədik. İnanırıq ki, layihə çərçivəsində təqdim olunan audio-video materiallar böyük maraq yaradacaq”.

“ASAN Radio”nun direktoru Emin Musavi deyib: “Dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radio – “ASAN Radio”nun fəaliyyətində maarifləndirmə xətti xüsusi yer tutur. Dövlət başçısının sərəncamından irəli gələrək, bu layihə də dinləyicilərimizin Cümhuriyyət tarixi ilə bağlı maariflənməsində, dəyərlərimizin təbliğində mühüm rol oynayacaq”.

Layihənin eksperti Rahib Azəri isə Cümhuriyyət tarixinin zəngin bir mənbə olduğunu söyləyib: “Bu zənginliyə televiziya verilişləri hazırlayarkən özüm dəfələrlə şahid olmuşam. Hansısa bir faktın izi ilə irəlilədikcə, qarşında yeni tarixi həqiqətlər açılır. Bunların hələ çox az bir qismini öyrənə bilmişik. Maraqlı və faydalı bir layihənin alınmasından ötrü bütün imkanlarımızı ortaya qoyacağıq”.

Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda Azərbaycan Beynəlxalq Bankı mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq. Maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq. Cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır