Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 42,9 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb.
Görülmüş meşəbərpa tədbirləri çərçivəsində 4,0 min hektar sahədə yeni meşə ağacları əkilmiş, o cümlədən 53,9 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 6,2 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa 43,8 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.
Ümumilikdə 2017-ci ildə 59,8 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 30,3 tonu (50,6 faizi) qoz, 9,8 tonu (16,4 faizi) ərik, 2,8 tonu (4,7 faizi) badam, 2,1 tonu (3,6 faizi) xurma, 1,6 tonu (2,7 faizi) alça, 1,4 tonu (2,3 faizi) şaftalı, 0,9 tonu (1,6 faizi) gavalı, 0,8 tonu (1,3 faizi) şabalıd, 0,7 tonu (1,2 faizi) fındıq, 9,4 tonu (15,6 faizi) isə digər meyvə və ağac toxumlarının payına düşüb.