Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 18 iyulda keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kv.m, ümumi faydalı sahəsi isə 519 kv.m təşkil edir. Özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə şəhərində və Ağdaş rayonunda yerləşir.
Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2- si Xətaidə digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir. Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri isə Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə müvafiq olaraq ən son 5200 və 3500 manat təklif edilib,
Qeyd edək ki, bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsində 339 əmlak özəlləşdirilib.